Ziyəddin Məmmədovun 70 yaşı tamam olub
Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Ziyəddin Məmmədovun 70 yaşı tamam olub.
Ziyəddin Maghmud oğlu Məmmədov 2 oktyabr 1952-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi müvəffəqiyyətlə bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuraraq elə həmin il Moskva şəhərində SSRİ Elmlər Akademiyasının A.N. Bax adına Biokimya İnstitutuna aspiranturaya daxil olmuşdur. 1979 ildə Moskva şəhərində 2406.02 - Biokimya ixtisası üzrə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Z.M. Məmmədov 1977-1979-cu illərdə Bakı Dövlət Universitetində baş laborant, 1979-cu ildən isə müəllim, baş müəllim, dosent, 2017-ci ildən professor kimi fəaliyyət göstərir. Hal-hazırda BDU-nun Molekulyar biologiya və Biotexnologiyalar kafedrasının müdiridir.
Z.M. Məmmədov 1986-cı ildən 1989-cu ilədək Qvineya Respublikasının Konakri Dövlət Universitetində biokimya və molekulyar biologiya fənlərini fransız dilində tədris etmişdir. Onun bu universitetdəki üç illik elmi-pedaqoji fəaliyyəti Qvineya Respublikası Təhsil Nazirliyinin xüsusi Fəxri Diplomu ilə qeyd olunmuşdur. Biokimya üzrə fransız dilində çap olunmuş dərs vəsaitinin müəllifidir.
Z.M. Məmmədov BDU-da işlədiyi dövrdə Biokimya və Molekulyar biologiya fənlərini tədris etməklə yanaşı, həmçinin respublikamızda ilk dəfə sərbəst bir fənn kimi İmmunologiya fənnini də tədris etməyə başlamış və Azərbaycan dilində bu fəndən yalnız BDU-da yox, həmçinin digər universitetlərdə istifadə olunan və immunologiya elminin müasir səviyyəsini əks etdirən “İmmunologiyanın əsasları” adlı ilk dərsliyi hazırlayıb çap etdirmişdir. O, 4 kitab və dərs vəsaitinin və 90-dan çox yerli və xarici mətbuatlarda çap olunmuş elmi əsərlərin müəllifidir
Z.M. Məmmədovun əvvəlki elmi fəaliyyəti meyvələrin yetişmə prosesinin molekulyar-biokimyəvi əsaslarının aydınlaşdırılmasına həsr olunmuşdur. Alma toxumalarında yetişmə prosesinin modelini yaratmağa müvəffəq olduqdan sonra, o izotop metodlarından istifadə edərək individual fermentlərin meyvələrin böyümə və yetişməsi ilə əlaqədar biosintezini tədqiq etməyə müvəffəq olmuş, ayrı-ayrı fermentlərin bu proseslərdə rolunun aydınlaşdırılmasına çalışmışdır.
Z.M. Məmmədov tərəfindən təklif olunmuş metodik üsullar magistr, doktorant və gənc tədqiqatçılar tərəfindən elmi tədqiqatlarda müvəffəqiyyətlə istifadə olunur. Son dövrlərərin tədqiqat işinin bir hissəsi bitkilərin ətraf mühitin ekstremal şəraitinə cavab reaksiyası və uyğunlaşmasının biokimyəvi və molekulyar əsaslarının araşdırılmasına və bu cür şərait üçün tolerant sortların yaradılmasına yönəldilmişdir. Z.M. Məmmədov rus, ingilis və fransız dillərini bilir, öz elmi-pedaqoji fəaliyyətini müasir səviyyədə təşkil etməyə çalışır. Onun rəhbərliyi altında biologiya üzrə iki fəlsəfə doktoru hazırlanmışdır. O, Molekulyar biologiya və biotexnologiyalar İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının üzvüdür, 2016-2020-ci illərdə Biologiya fakültəsi Tədris-Metodiki Şurasının sədri olmuşdur.
Ziyəddin Məmmədovu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.