Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər

Biologiya fakültəsinin I kurs tələbələri Universitetin Heydər Əliyev Muzeyini və Genetika və təkamül muzeyini ziyarət ediblər.
Ziyarətin məqsədi tələbələrin Universitetin tarixi və elmi irsi ilə yaxından tanış olmaları, dünyagörüşlərinin genişləndirilməsi və seçdikləri ixtisasa maraqlarının artırılması olub.
Heydər Əliyev Muzeyində tələbələr Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətləri, elm və təhsilə göstərdiyi diqqət və qayğı, eləcə də Bakı Dövlət Universiteti ilə bağlı tarixi sənədlər və fotoşəkillərlə tanış olublar.
Daha sonra tələbələr Genetika və təkamül muzeyini ziyarət ediblər. Burada canlılar aləminin tarixi inkişafını, irsiyyət və dəyişkənlik qanunauyğunluqlarını, bioloji müxtəlifliyi və təkamül proseslərini əks etdirən eksponatlarla tanış olublar. Muzeydə nümayiş etdirilən elmi materiallar tələbələrin biologiya elminin müxtəlif sahələri haqqında biliklərinin zənginləşməsinə imkan yaradıb.
Ziyarət I kurs tələbələrinin Universitetin elmi və mədəni mühitinə uyğunlaşması, nəzəri biliklərinin möhkəmləndirilməsi və gələcək ixtisaslarına maraqlarının artırılması baxımından əhəmiyyətli olub.