Biologiya fakültəsi TEC-in növbəti elmi seminarı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Biologiya Fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Anemiyaların klinik-laborator diaqnostikası və differensial interpretasiyası" mövzusunda elmi seminar keçirilib. Seminarda Biologiya fakültəsinin IV kurs tələbəsi Şura Əlyarova çıxış edib.
Tədbirdə məruzəçi şəxsi klinik təcrübələri və əldə etdiyi praktiki müşahidələri əsasında anemiyaların müxtəlif növlərinin diaqnostik yanaşmalarını iştirakçıların diqqətinə çatdırıb. Xüsusilə dəmir defisitli, eləcə də B9 və B12 çatışmazlığı fonunda yaranan anemiyaların fərqləndirici xüsusiyyətlərindən, qan analizlərindəki əsas göstəricilərin düzgün interpretasiyasından və digər hematoloji faktorların diaqnostikadakı rolu haqqında ətraflı məlumat verilib. Məruzəçi real nümunələr üzərindən klinik və laborator mənzərəni izah edərək tələbələrə praktik tövsiyələrini təqdim edib.
Tədbirin son hissəsində tələbə və müəllimləri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb və mövzu ətraflı diskussiya ilə yekunlaşdırılıb.