Təbiət Tarixi Muzeyinə maarifləndirici gəzinti təşkil olunub

"BDU könüllüləri" təşkilatının Biologiya fakültəsinin təşəbbüsü ilə "Ümumdünya Heyvanların mühafizəsi günü" ilə əlaqədar Təbiət Tarixi Muzeyinə maarifləndirici gəzinti təşkil olunub.
Maarifləndirici gəzinti Biologiya fakültəsi Zoologiya və fiziologiya kafedrasının müəllimi, dosent Sevinc Hümbətovanın rəhbərliyi ilə keçirilib. Gəzinti zamanı iştirakçılar Təbiət Tarixi Muzeyində nümayiş olunan eksponatlarla tanış olub, müxtəlif heyvan növləri, onların quruluş xüsusiyyətləri, yaşayış mühiti və canlılar aləmindəki rolu haqqında məlumat əldə ediblər.
Muzeydə nümayiş etdirilən zəngin kolleksiya iştirakçılara biologiya üzrə nəzəri biliklərini real nümunələr üzərindən möhkəmləndirmək və canlı müxtəlifliyini daha əyani şəkildə müşahidə etmək imkanı yaradıb. Eksponatların araşdırılması zamanı heyvanların təbii mühitdəki əhəmiyyəti, biomüxtəlifliyin qorunması və canlıların mühafizəsinə dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gəzinti çərçivəsində xüsusilə heyvanların qorunmasının yalnız ayrı-ayrı növlərin mühafizəsi ilə məhdudlaşmadığı, bunun bütövlükdə ekosistemlərin davamlılığı və təbiətdəki tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.