"Biomimetika: Biologiya və memarlığın vəhdəti" mövzusunda elmi seminar keçirilib

Biologiya Fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş "Biomimetika: Biologiya və memarlığın vəhdəti" mövzusunda elmi seminar keçirilib. Tədbirdə Biologiya fakültəsinin II kurs tələbəsi Rəsmiyyə Məşədiyeva çıxış edib.
Seminarda biologiya və memarlığın vəhdətindən bəhs edilərək, biomimetikanın təbiətdəki mühəndislik mexanizmlərini müasir tikinti sənətinə inteqrasiya edən mühüm elm sahəsi olduğu vurğulanıb. Məruzəçi bu sahənin tarixi inkişaf yoluna nəzər salaraq, təbiətin milyonlarla il ərzində təkmilləşdirdiyi struktur, təbii havalandırma və forma sistemlərinin memarlıqdakı tətbiq mexanizmlərini diqqətə çatdırıb. Çıxışda canlı aləmin mühəndislik həllərindən ilhamlanan müxtəlif tikili konseptlərinə toxunularaq, biologiyanın müasir arxitektura üçün tükənməz bir ilham mənbəyi olduğu qeyd edilib.
Tədbirdə biomimmetik yanaşmanın insanların rifahına və cəmiyyətin ekoloji dayanıqlılığına töhfəsi xüsusi vurğulanıb. Biologiya və memarlığın bu vəhdətinin yalnız texniki həllər təqdim etməklə kifayətlənmədiyi, həm də insanla təbiət arasındakı balansı bərpa edərək cəmiyyətin həyat keyfiyyətini yüksəltdiyi diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanda davamlı şəhərsalma və yaşıl texnologiyaların inkişafı fonunda biomimetik yanaşmaların gələcəkdə geniş tətbiq olunmasının böyük elmi və praktiki perspektivə malik olduğu bildirilib.
Mövzunun aktuallığı müəllim heyətinin böyük marağına səbəb olub və sonda tələbələrin ünvanladıqları suallarla tədbir canlı diskussiyayla yekunlaşıb.