Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

20 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda fakültənin elmi-tədqiqat, tədris və təşkilati fəaliyyətinə dair bir sıra mühüm məsələlər müzakirə olunub.
İclasın gündəliyinə elmlər doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantların təhsillərini müvəffəqiyyətlə başa vurmaları, 2026-cı ildə Biologiya fakültəsində aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim edilməsi, doktoranturaya qəbul olunmuş birinci kurs doktorantların elmi rəhbərlərinin təsdiqi məsələləri daxil edilib.
Həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə dərslərin monitorinqi üzrə meyarların müəyyənləşdirilməsi və təsdiqi, fakültənin fəaliyyətində mümkün risklərin müəyyən edilməsi və onların idarə olunması istiqamətində müzakirələr aparılıb. Cari məsələlər çərçivəsində tədris proqramları, dərsliklər və digər elmi-metodiki məsələlər nəzərdən keçirilib.
İclas çərçivəsində Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dosenti, biologiya elmləri doktoru Saleh Əliyevin 70 illik yubileyi də qeyd olunub.
Fakültənin dekanı Afət Məmmədova çıxış edərək Saleh Əliyevin uzunillik elmi-pedaqoji fəaliyyətindən, biologiya elminin inkişafına və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi töhfələrdən danışıb. Dekan yubilyarın universitetin elmi və akademik həyatındakı xidmətlərini yüksək qiymətləndirərək onu 70 illik yubileyi münasibətilə təbrik edib və Saleh Əliyevə təşəkkürnamə təqdim edib.
Professor Məcnun Babayev də çıxışında Saleh Əliyevin zəngin elmi-pedaqoji təcrübəsindən, kollektiv arasında qazandığı hörmət və nüfuzdan, gənc mütəxəssislərin yetişdirilməsindəki xidmətlərindən söz açıb. O, yubilyarın elmə və təhsilə bağlılığını, yüksək peşəkarlığını və insani keyfiyyətlərini xüsusi vurğulayaraq ona möhkəm cansağlığı, uzun ömür və yeni elmi uğurlar arzulayıb. Professor Məcnun Babayev Həmkarlar İttifaqı Komitəsi adından Saleh Əliyevə fəxri fərman təqdim edib.