Yumşaq buğda nümunələrinin genetik polimorfizminə həsr olunmuş elmi seminar keçirilib

Biologiya fakültəsində “Protein (Gld-Glu) genetik markerləri əsasında yerli və introduksiya olunmuş yumşaq buğda (Triticum aestivum L.) nümunələrinin polimorfizminin tədqiqi” mövzusunda elmi seminar keçirilib.
Tədbir AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Biokimyəvi Genetika və Texnologiya şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əkbər Kərimov tərəfindən təqdim edilib. O, eyni zamanda BDU-nun Genetika kafedrasında saat hesabı müəllim kimi fəaliyyət göstərir.
Seminarda Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Genetika kafedrasının müdiri, Kamilə Əliyeva, kafedranın əməkdaşları, müəllim heyəti və magistrantlar iştirak ediblər.
Əkbər Kərimov çıxışı zamanı yerli və introduksiya olunmuş yumşaq buğda (T. aestivum) nümunələri üzərində apardığı tədqiqatların əsas nəticələrini iştirakçıların diqqətinə çatdırıb. Alim 36 buğda nümunəsi üzərində A-PAGE (Acid Polyacrylamide Gel Electrophoresis) üsulu ilə apardığı biokimyəvi analiz nəticəsində ilk dəfə Gld-1B-23Y qliadin allel blokunu müəyyən edib. Bu nəticə yerli buğda genotiplərinin genetik müxtəlifliyinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Tədqiqatın nəticələri göstərib ki, buğda nümunələri arasında zülal markerlərinin polimorfizmi genetik ehtiyatların qiymətləndirilməsi və seleksiya prosesində perspektivli genotiplərin seçilməsi üçün mühüm elmi əsas yaradır. Əkbər Kərimov vurğulayıb ki, əldə edilən nəticələr yüksək keyfiyyətli və məhsuldar buğda sortlarının yaradılmasında, həmçinin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaya bilər.
Seminar iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Alimin apardığı tədqiqatlar yüksək elmi səviyyəsi və aktual istiqamətləri ilə diqqət çəkib. Çıxışın sonunda Əkbər Kərimovun elmi fəaliyyətinə verilən töhfə fakültə rəhbərliyi və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.