"Yeni nəsil dərman terapiyaları" mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universiteti Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Boğaziçi Universitetinin Biomedikal mühəndislik ixtisası üzrə doktorantı Abdul Etibaroğlu "Yeni nəsil dərman terapiyaları" mövzusunda elmi seminarı keçirilib.
Tədbirdə nəsil dəyişdirən biotexnoloji yanaşmalar, dərmanların hədəflənmiş şəkildə çatdırılması, gen terapiyası, immunoterapiya və nanodərman platformaları haqqında müasir elmi trendlər müzakirə olunub. Çıxış zamanı qlobal səhiyyə sistemində fərdiləşdirilmiş tibbin əhəmiyyəti vurğulanıb və gələcəkdə dərmanların ənənəvi kimyəvi preparatlardan daha çox bioloji əsaslı modellərə keçəcəyinin gözlənildiyi bildirilib.
Abdul Etibaroğlu təqdimatında hüceyrədaxili siqnallanmaya müdaxilə edən yeni dərman texnologiyaları, CRISPR əsaslı müalicə yanaşmaları, həmçinin şiş hüceyrələrini yüksək dəqiqliklə hədəfləyən smart-nano daşıyıcıların hazırlanması barədə geniş məlumat verib. Alim, bu metodların yaxın illərdə xərçəng, irsi xəstəliklər və autoimmun pozuntuların müalicəsində inqilabi dəyişikliklər yaradacağını qeyd edib.
Seminar tələbələr üçün həm nəzəri, həm də tətbiqi bilik baxımından faydalı olub. İştirakçılar müasir biomedikal tədqiqatların istiqamətləri, elmi laboratoriyalarda istifadə olunan yeni texnologiyalar və bu sahədə karyera imkanları barədə suallarını təqdim ediblər.