Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri Lyudmila Bejenaru ilə Biologiya fakültəsinin tələbələrinin görüşü
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü istiqamətində BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir daisrəsi və gücünü də artırmaqdadır.
Biologiya fakültəsində Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenaru ilə onlayn görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan fakültə dekanı Afət Məmmədova Mərkəzin yaradılmasının əhəmiyyəti və multikultural dəyərlərin təşviqindəki rolu haqqında ətraflı məlumat vermişdir. Ardınca çıxış edən Lyudmila Bejenaru rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə geniş məruzə edərək vurğulayıb ki, qloballaşan dünyada Rumıniya və Azərbaycan Respublikaları dost ölkələr və yaxın iqtisadi tərəfdaşlar hesab olunurlar. İki xalq - rumın və azərbaycanlılar əsrlərdir bir-biri ilə dostluq və mehriban münasibətlər saxlayırlar. Məruzəçi diqqətə çatdırıb ki, ölkələrimiz arasında müasir münasibətlər 90-cı illərin əvvəllərinə təsadüf edir. 1992-ci ildə iki dövlət arasında diplomatik əlaqələr qurulub. 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Heydər Əliyev isə Azərbaycan tarixində Rumıniyaya rəsmi səfər etmiş ilk prezident olub. Lyudmila Bejenaru Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətindən, universitetdə “Azərbaycan Multikulturalizmi” fənninin tədrisindən bəhs edib. O, qeyd edib ki, “Azərbaycan Multikulturalizmi” kursuna daxil olduğuna görə, UNESCO-nun siyahısına salınmış Azərbaycanın tarixi yerləri, mühüm əsərlər haqqında tələbələrə mühazirələr oxunur. Mərkəzin fəaliyyətində Qarabağ şəhidlərinə həsr olunmuş tədbirlər, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər yer alır.
Tədbirdə iştirak edən müəllimlər qeyd ediblər ki, bu kimi mərkəzlərin yaradılması müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anlamasına, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına, həmçinin müxtəlif mədəniyyətlər arasında tolerantlığın və hörmətin gücləndirilməsinə kömək edir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.