Gender bərabərliyi və sağlam münasibətlər mövzusunda təlim keçirilib

Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının dəstəyi ilə tələbələr üçün “Gender bərabərliyi və məişət zorakılığı: sağlam münasibətlər” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimçi Fərid Seyfullayev gender bərabərliyinin əhəmiyyəti, məişət zorakılığının sosial-psixoloji aspektləri, sağlam münasibətlərin formalaşdırılması və cəmiyyətdə mövcud stereotiplərin insan davranışlarına təsiri barədə məlumat verib.
Təlim zamanı insan xarakterinin müxtəlif tipləri, davranış psixologiyası, fərdi inkişaf, özünüdərk və şəxslərarası ünsiyyət məsələlərinə xüsusi diqqət yetirilib. Fərid Seyfullayev insanların fərdi psixoloji xüsusiyyətlərinin, xarakter və davranış fərqlərinin qarşılıqlı münasibətlərə təsirindən, emosional intellektin, empatiyanın və effektiv ünsiyyət bacarıqlarının əhəmiyyətindən bəhs edib. Həmçinin psixoloji təzyiqin və emosional manipulyasiyanın tanınması, şəxsi sərhədlərin qorunması, münaqişələrin konstruktiv həlli və sağlam davranış modellərinin formalaşdırılması istiqamətində fikirlərini bölüşüb.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlim interaktiv formatda təşkil olunub. İştirakçılar insan xarakteri, fərdi davranış xüsusiyyətləri, gündəlik həyatda qarşılaşdıqları psixoloji situasiyalar və şəxslərarası münasibətlərlə bağlı suallar ünvanlayıblar. Mövzular ətrafında canlı müzakirələr aparılıb, fikir mübadiləsi zamanı tələbələr fəallıq nümayiş etdiriblər.