“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş meşəbərpa tədbiri həyata keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələrinin və Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Karbonu bloklayaq” adlı meşəsalma tədbiri və “Ağacların karbon saxlama potensialının ölçülməsi” mövzusunda təlim həyata keçirilib.
Şabran rayonunun meşə fondu ərazisində təşkil edilən tədbirdə Biologiya fakültəsinin “Bitki mühafizəsi” və “Biologiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.
Təlim çərçivəsində Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev, 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşı Xəqani Məmmədov tərəfindən tələbələrə bitkilərin əkilmə qaydaları, terras üsulu ilə aparılan əkinlər və onun əhəmiyyəti, quraqlıq şəraitinə uyğunlaşan bitkilərin meşəbərpa tədbirlərində istifadəsi, ağacların həcminin hesablanması qaydası, karbon anlayışı, ağacların karbon tutma mexanizmi, biokütlənin və karbonun hesablanması qaydası barədə ətraflı məlumatlar verilib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbirin davamında BDU-nun tələbələri Biologiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Yusif Abiyevin rəhbərliyi altında tələbələr meşəsalma aksiyasında iştirak edərək təbiətə öz töhfələrini verib, sonda onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.