Yarat-Müasir İncəsənət Mərkəzinə ekskursiya
Bakı Dövlət Universiteti (BDU) Biologiya və Coğrafiya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə tələbələr Yarat-Müasir İncəsənət Mərkəzinə ekskursiya etmişlər.
Ekskursiya zamanı tələbələr mərkəzin hər iki bölməsindəki sərgilərlə, maraqlı rəsm əsərləri ilə tanış olmuşlar. Tələbələr ilk öncə gürcü rəssamları Qia Edzqveradze, Tamara K.E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin bu yaxınlarda ərsəyə gətirilmiş və son illərin əsərlərindən ibarət “Ekinoks” adlı yeni qrup sərgisinə nəzər yetirmişlər. Sərgi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub; burada fərd və kollektiv arasında qarşılıqlı fəaliyyət kontinuumda (zaman-məkan prosesində) nəzərdən keçirilir.
Daha sonra tələbələr mərkəzin ikinci hissəsində yerləşən 6 azərbaycanlı rəssamın əsərlərindən ibarət olan “Yoxlanılıb, mina yoxdur!” adlı qrup sərgisinin nümayişində iştirak etmişlər. Sərgi, müharibə dəhşətlərinə sinə gərmiş və daha da güclənən cəmiyyətdən söz açır: sülhə can atmağın təkcə kollektiv istək deyil, həm də gerçəklik olduğunu nümayiş etdirməyə istiqamətlənmişdir.