Xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətlərinə həsr olunmuş elmi seminar keçirilib

Biologiya fakültəsində elmlər doktoru proqramı üzrə doktorantı, Genetika kafedrasının müəllimi Natəvan Baxşəliyeva tərəfindən “Xurma cinsi (Diospyros L.) növlərinin müqayisəli filogenetik analizi və genetik müxtəlifliyinin tədqiqii” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Seminarda Şəki–Zaqatala iqtisadi rayonuna daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarından toplanmış xurma nümunələrinin kimyəvi və biokimyəvi tərkibi, mineral element göstəriciləri, həmçinin ISSR və SCoT molekulyar markerləri əsasında genetik müxtəlifliyinə dair məlumatlar təqdim olunmuşdur.
Tədqiqat zamanı meyvələrdə su, quru maddə, şəkər, askorbin turşusu, karotin, sellüloza, kül, yağ, azot və digər biokimyəvi göstəricilər müqayisəli şəkildə təhlil edilmişdir. Bununla yanaşı, molekulyar-genetik analizlər nəticəsində tədqiq olunan genotiplər arasında genetik oxşarlıq və müxtəliflik səviyyəsi müəyyən edilmiş, UPGMA klaster analizi, Principal Component Analysis (PCA) və Principal Coordinates Analysis (PCoA) metodları vasitəsilə genotiplər arasındakı genetik əlaqələr qiymətləndirilmişdir.
Seminar zamanı əldə olunan nəticələrin xurma genofondunun öyrənilməsi, perspektiv genotiplərin seçilməsi, seleksiya proqramlarının elmi əsaslarının formalaşdırılması və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyəti vurğulanmışdır.