Biologiya fakültəsinin tələbələri Grand Agro Invitro MMC-də uzunmüddətli təcrübə keçir

Bakı Dövlət Universiteti ilə Grand Agro Invitro MMC arasında qurulmuş əməkdaşlıq çərçivəsində Biologiya fakültəsinin IV kurs tələbələri Nəzirə Abbasova və Röya Cəfərzadə şirkətdə 1 aylıq istehsalat təcrübəsinə başlayıblar.
Təcrübə proqramının əsas məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri real istehsalat və laboratoriya mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlarını inkişaf etdirmələrinə və müasir aqrar-bioloji texnologiyalarla yaxından tanış olmalarına şərait yaratmaqdır. Proqram həmçinin tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanması, gələcək karyera imkanlarının genişləndirilməsi və ixtisas üzrə praktiki səriştələrinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Təcrübə müddətində tələbələr Grand Agro Invitro MMC-nin əsas fəaliyyət istiqamətləri, istehsal və laboratoriya prosesləri, istixana şəraitində aparılan işlər, bitki mühafizəsi sahəsində tətbiq olunan müasir yanaşmalar, eləcə də peşəkar iş mühitinin standartları ilə tanış olacaqlar. Bu proses tələbələrin seçdikləri ixtisas üzrə real iş təcrübəsi qazanmasına, məsuliyyət, komanda işi, müşahidə və tətbiqi analiz bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Bakı Dövlət Universiteti tələbələrin keyfiyyətli təhsil alması ilə yanaşı, onların praktiki hazırlığının və məşğulluq imkanlarının artırılmasını da prioritet istiqamətlərdən biri hesab edir. Universitet əmək bazarı ilə əlaqələrin gücləndirilməsinə, tələbələrin karyera inkişafının dəstəklənməsinə və məzunların rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına xüsusi önəm verir.
Grand Agro Invitro MMC-də təşkil olunan istehsalat təcrübəsi bu istiqamətdə həyata keçirilən əməkdaşlığın mühüm nümunələrindən biri olmaqla, tələbələrin bilik və bacarıqlarının real sektorun tələblərinə uyğun inkişaf etdirilməsi üçün dəyərli imkan yaradır.