“Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” mövzusunda elmi seminar keçirildi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağyevin təqdimatında “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” mövzusuna həsr olunmuş elmi seminar keçirilib. Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti, magistrant və tələbələr iştirak edib.
Məruzəçi tədqiqatların 2015–2024-cü illəri əhatə etməsini və Abşeron, Şirvan, Qızılağac Milli Parkları, Kür çayı deltası kimi ərazilərdə aparılmısını nəzərə çatdırdı.
Tədqiqat nəticələrinə əsasən, su səviyyəsinin enməsi quşların yem bazasına, populyasiya quruluşuna və məskunlaşma arealına ciddi təsir göstərmişdir. Bəzi növlərin (məsələn, Microcarbo pygmaeus, Nycticorax nycticorax və s.) çoxalma davranışında əhəmiyyətli dəyişikliklər baş vermiş, onlar yeni ərazilərdə – tarlaqoruyucu meşə zolaqlarında koloniyalar şəklində yuvalamağa başlamışdır. Bu dəyişikliklərin biomüxtəlifliyin idarə olunması və qorunması baxımından əhəmiyyəti vurğulanıb. Tədqiqatlarda 13 dəstəyə aid 126 növ quşun reproduksiya və qışlama dövrlərində trofik və biotopik əlaqələri GIS texnologiyası vasitəsilə xəritələndirilmiş və təhlil olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş 22 nadir quş növünün də müşahidə edildiyi bildirilib.