“Xarıbülbüllər” Qızlar Klubu açıq havada təlim-diskussiya keçirdi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən “Xarıbülbüllər” qızlar klubunun üzvləri açıq havada təlim -diskussiya formatında görüş təşkil ediblər. Təlim fakültənin həyətində, təbiətin qoynunda baş tutub və ailə dəyərləri mövzusuna həsr olunub.
Təlimi klubun rəhbəri, professor Fərayət Əhmədova aparıb. F.Əhmədova “Ailə dəyərləri və onların qorunması” mövzusunda geniş təqdimat edib, iştirakçılara mövzunun həm elmi, həm də sosial aspektlərini açıqlayıb. Professor, ailə institutu, nəsildən-nəslə ötürülən ənənələr və müasir dövrdə dəyərlərin önəmini vurğulayaraq, tələbələrin fəal iştirakını təmin edib.
Tələbələrin maraqlandıran suallarına cavab verilərkən, ailədə qarşılıqlı hörmət, etibar və sevgi üzərində qurulan münasibətlər praktiki nümunələrlə izah olunub. Diskussiyalar zamanı gənclər öz fikirlərini sərbəst ifadə edib, ailə strukturlarının dəyişən tələblərə uyğunlaşması barədə müzakirələr aparıblar.
Görüşün sonunda tələbələr açıq havada istirahət edərək, təbiətin qoynunda dəyərli və maraqlı məlumatlar əldə etdiklərini qeyd ediblər.