Türkiyənin Hacettepe Universitetinin professorunun BDU-da elmi seminarı
-lg.jpg)
Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilaçtılığı ilə "Elm günü"nə həsr edilmiş silsilə tədbirlərdən növbətisi - "Qlobal istiləşmə" mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Hacettepe Üniversitesi Akademik Heyət üzvü, zooloq, entomoloq Prof. Dr. Ali Demirsoy çıxış edib. Seminarda Qlobal iqlim dəyişikliyinin yaratdığı təhlükələr və onların Azərbaycan üçün doğurduğu spesifik risklər diqqət mərkəzinə gətirilib. Xüsusilə ölkəmizdə su ehtiyatlarının azalması, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və kənd təsərrüfatındakı quraqlıq problemləri əsas müzakirə mövzusu olub.Tədbirdə qeyd edildi ki, ekoloji böhranın təsirlərini azaltmaq üçün operativ şəkildə "yaşıl enerji" layihələrinə keçid sürətləndirilməli və su idarəçiliyində müasir texnologiyalar tətbiq olunmalıdır.
Seminarın sual-cavab hissəsində spiker tələbələrin marağına səbəb olan "Həyatın mənşəyi" (Origin of Life) mövzusuna geniş yer ayıraraq, müzakirəni maraqlı müstəviyə daşıyıb. Həyatın necə başlaması ilə bağlı elmi nəzəriyyələrdən danışılarkən xüsusilə hüceyrənin "enerji stansiyası" sayılan mitoxondrilərin təkamül tarixinə və onların daxili endosimbioz prosesindəki roluna xüsusi diqqət yetirilib.
Son müzakirələr zamanı təkamül nəzəriyyəsi haqqında verilən “Təkamülə inanırsınızmı?” sualına alim belə cavab verib: “Təkamül 100% doğrudur. Baxmayaraq ki, onun bütün mərhələlərini hələ tam şəkildə bilmirik, bu nəzəriyyənin doğruluğu elmi faktlarla təsdiqlənir. Milyon illər ərzində formalaşmış bir quruluşun bütün mərhələlərini qısa müddətdə izah etmək mümkün deyil.”
Alim bildirib ki, təkamül yalnız canlıların mənşəyini izah edən nəzəriyyə deyil, eyni zamanda təbiəti anlamaq üçün güclü düşüncə modelidir. Onun sözlərinə görə, əgər tədqiqatçı sahədən bir çəyirtkə nümunəsi gətirsə, təkamül yanaşması vasitəsilə həmin heyvanın əcdadları, yaşadığı mühit, torpağın xüsusiyyətləri, bitki örtüyü, suvarma səviyyəsi və mövsümlər üzrə temperatur fərqləri kimi bir çox ekoloji və bioloji məlumatları analiz etmək mümkündür.
Açıqlamada vurğulanır ki, təkamül biologiyası alimlərə canlıların xüsusiyyətlərini yalnız ayrı-ayrılıqda deyil, həm də onların ətraf mühit və tarixlə əlaqəsi çərçivəsində qiymətləndirməyə imkan verir. Bu yanaşma müasir biologiyanın əsas elmi metodlarından biri hesab olunur.
Sonda qeyd olunub ki, təkamül nəzəriyyəsi elm adamlarına təbiət haqqında suallara sistemli və məntiqi şəkildə cavab vermək bacarığı qazandırır və bu gün biologiya elminin əsas sütunlarından biri kimi qəbul edilir.
Yekunda Qlobal istiləşmə ilə mübarizənin artıq bir milli prioritet olduğu vurğulanaraq, bu ekoloji təhlükəyə qarşı görülməli olan konkret praktiki tədbirlər və strateji addımlar müzakirə mövzusu oldu.
Sonda Biologiya fakültəsinin TEC sədri Rasim Abbaszadə Ali Demirsoya çıxışı üçün təşəkkür edib, bu tip görüşlərin daha çox olacağını vurğulayıb.