Tələbələrimizin çöl-tədris təcrübəsi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 4-cü kurs tələbələri Quba rayonunda yerləşən Tədris-təcrübə bazasında və Şamaxı rayonunda çöl təcrübəsində olmuşlar. Təcrübə müddətində onurğalı və onurğasız heyvanlara aid müşahidələr aparılmış, ərazinin bitkiliyi və növ müxtəlifliyi barədə tələbələrə ətraflı məlumat verilmişdir. Quba rayonu ərazisində dağ-meşə, meşə, çəmən və Qaraçay hövsəsinə aid müxtəlif ekosistemlərdə yayılmış onurğalı və onurğasız heyvanların, eləcə də bitkilərin biomüxtəlifliyi diqqəti cəlb etmişdir. Marşrut üsulu ilə Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən Tədris-təcrübə bazasının arxasında yerləşən Çənlibel dağı istiqamətində, eləcə də Qaraçay hövzəsi boyunca müşahidələr aparılmış, ərazi üçün xarakterik olan müxtəlif onurğalı və onurğasız heyvanlara, o cümlədən əraziyə xas bitkilərə aid nümunələr toplanmışdır. Şamaxı rayonunda isə N.Tusi adına Rəsədxananın ərazisində və ətrafında, Şamaxi-Dəmirçi-Lahıc yolu istiqamətində meşə və çəmən sahələrdə yayılmış bitkiliklər müşahidə edilmiş, müxtəlif nümunələr toplanmış, onurğalı və onurğasız heyvanlar tədqiq edilmişdir.