TƏLƏBƏLƏRİMİZ LABORATOR TƏCRÜBƏDƏ İŞTİRAK EDİBLƏR
26.10.2023 tarixində Biologiya fakültəsinin “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri fənn müəllimi Zoologiya və fiziologiya kafedrasının dosenti Saleh Əliyevin rəhbərliyi ilə “Azərsu” ASC-nin nəzdində olan mərkəzi laboratoriyada təcrübə keçmişlər. Laboratoriya müdiri Elçin Əliyev laboratoriyanın strukturu, orada aparılan işlər haqqında ətraflı məlumat verdikdən sonra tələbələri suyun müxtəlif analiz üsulları ilə tanış etmişdir. O, qeyd etmişdir ki, burada aparılan analizlər Avropa İttifaqının standartlarına uyğundur, hər il bir neçə analizin cavabları Avropa ölkələrinə göndərilir və onlardan müsbət cavab alınır. Mərkəzi laboratoriyada nümunələrin götürülmə şöbəsi, biologiya şöbəsi, mikrobioloji analizlər şöbəsi, fiziki-kimyəvi parametrlərin analizi şöbəsi, tullantı sularının analizi şöbəsi vardır. Hər gün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər rayon və şəhərlərində yerləşən su anbarları nasos stansiyalarından, müxtəlif kanalizasiya sularından nümunələr götürülür, laboratoriyaya çatdırılır. Sonra ayrı-ayrı şöbə rəhbərləri aparılan analizlər barədə məlumat verdilər. Təcrübə zamanı tələbələr bəzi analizlərin aparılmasında iştirak etmişlər.