Tələbələr “Herba-Flora” MMC-də praktiki məşğələdə iştirak etdilər

Biologiya fakültəsinin “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının “Qida mühəndisliyi” ixtisası üzrə IV kurs (178A qrup) tələbələri “Qida sənayesində texnoloji əməliyyatlar” fənni çərçivəsində “Herba-Flora” MMC-də praktiki məşğələdə iştirak ediblər.
Məşğələ kafedranın dosenti Çingiz Əliyevin rəhbərliyi ilə təşkil olunub. O, “Herba-Flora” MMC-nin mütəxəssisləri ilə birlikdə tələbələrə müəssisədə yeyinti və ictimai iaşə xidmətlərində tətbiq edilən texnoloji xətlərin layihələndirilməsi prosesi haqqında ətraflı məlumat verib.
Tələbələr fənnin proqramına uyğun olaraq texnoloji xətlərin yaradılmasının nəzəri və praktiki əsaslarını, həmçinin yeyinti və dərman sənayesində istifadə olunan avadanlıqların, maşınların və aparatların quruluşu, iş prinsipi və texniki xüsusiyyətlərini yerində müşahidə ediblər.
Müəssisəyə daxil olan tələbələr bitki xammallarının saxlanması üçün ambar şəraiti, xammalın keyfiyyətinin qorunması üçün istifadə olunan texniki vasitələr və qurğular, həmçinin hazır məhsulların qablaşdırılması və daşınması prosesləri ilə də tanış olublar.
Xüsusilə maraq doğuran məqam “Herba-Flora” MMC-də küncüt toxumlarından küncüt yağının istehsalına dair texnoloji xəttin struktur sxeminin nümayişi olub.
Səfər zamanı müəssisənin rəhbərliyi və mütəxəssisləri tələbələrə texnoloji xətlərin layihələndirilməsi, yenidənqurulması və kimyəvi analiz laboratoriyasındakı müasir avadanlıqlar barədə geniş məlumat veriblər.
Məşğələnin sonunda tələbələrin çoxsaylı sualları müəssisə əməkdaşları tərəfindən cavablandırılıb.
Tələbələr onlara yaradılan bu imkan və şərait üçün BDU rəhbərliyinə və “Herba-Flora” MMC-nin rəhbərliyinə və mütəxəssislərinə təşəkkürlərini bildiriblər.