Təbiətin və həyatın özü haqqında elmi axtarışların məbədi olan Biologiya fakültəsi
XXI əsr biologiya əsridir, çünki həyatın əsas proseslərini tədqiq etmək, onlara nəzarət etmək və onları idarə etməyə məhz biologiya elmi qadirdir. Canlı orqanizmlərin sirlərini, ətraf mühitlə əlaqələrini müxtəlif səviyyələrdə öyrənən, canlı sistemləri, o cümlədən hər şeyin mərkəzində duran insanın sağlamlığını mühafizə etmək üçün aparılan araşdırmalar sayəsində əldə edilən bioloji ixtira, yenilik və innovasiyalar bəşəriyyətin gələcəyini təmin edir. Fundamental bioloji biliklər, bioloji elm sahələri, müşahidə və tədqiqatlar təkcə həyati prosesləri və mexanizmləri dərk etməklə kifayətlənmir, onlar tibb, kənd təsərrüfatı, aqrar sektor, qida sənayesi, ekosistemlərin mühafizəsi, təbii resursların istifadə və mühafizəsi, sintetik bioloji maddələrin sintezi, bioloji tibbi avadanlıqların sintezi, gen redaktəsi, süni intellekt sahəsində nailiyyətlərlə birbaşa əlaqəlidirlər. Bu prioritet məsələlər biologiya elmini mərkəzdə qoyaraq onun kimya, fizika, data elmləri, kompüter proqramlaşması, iqtisadiyyat sahələri ilə multidisiplinar şəkildə inkişafını zəruri edir. Buna görə də BDU-da biologiyanın müxtəlif sahələrinin inkişafının təmin edilməsi aktual və təxirəsalınmaz məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Biologiya sahəsində yüksək səviyyəli kadrların formalaşdırılması gələcəyin davamlı inkişafının əsaslarından hesab olunur, çünki məhz biologiya elminin tərəqqisi biomüxtəlifliyin qorunması, tullantısız istehsal, yaşıl istehsal kimi mühüm məsələlərin həllini təmin edə bilər.