“Təbiətin Davamlı Harmoniyası” klubunun seminarı keçdi
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” klubunun üzvləri Hüseyn Qədirov və Amin Nurəliyev tərəfindən “Darevskia cinsində partenogenez” mövzusunda seminar təqdim edildi.
“Təbiətin Davamlı Harmoniyası” klubunun rəhbəri Əbülfəz Tağıyev öncə çıxış edərək bildirdi ki, kərtənkələlərin Darevskia cinsinə aid nümayəndələri Qafqazın endem növləri olub, partenogenez yolla çoxalmaları ilə diqqəti cəlb edir. Daha sonra tələbə məruzəçilər mövzu üzrə dünya ədəbiyyatında toplanmış müasir materiallara əsaslanaraq geniş məlumat verdilər. Onlar auditoriyaya çatdırdılar ki, Darevskia cinsində partenogenez tez-tez təsadüf edilən hibridləşmənin nadir və spesifik nəticəsidir. Bu da obliqat partenogenezin təbiətdə nadir hallarda rast gəlinməsinin əsas səbəbidir. Hal-hazırda partenogen növlər öz yaşama yerlərində optimal şəraitdə olsalar belə, bu hal geniş geoloji zaman aralığında özünü doğrultmaya bilər.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova təqdim edilmiş müasir elmi faktların tələbə kontingenti və müəllim kollektivi üçün maraqlı olduğunu vurğulayıb, bu mövzuda araşdırmaların molekulyar səviyyədə davam etdirilməsini məsləhət gördü.
Seminarda çox maraqlı, məzmunlu müzakirələr aparıldı.