"Süd vəzi xərçənginin genetikası" adlı təlim keçirilmişdir
Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsi və Fetal Genetik Mərkəzin birgə təşkilatçılığı ilə "Süd vəzi xərçəngi ilə mübarizə ayı" çərçivəsində "Süd vəzi xərçənginin genetikası" mövzusunda təlim keçirilmişdir. Təlim Fetal Genetik Mərkəzin Sitogenetika şöbəsinin rəhbəri, həkim-sitogenetik Vüsalə Əliyeva tərəfindən aparılmışdır. Tədbirdə BDU Biologiya fakültəsinin professor-müəllim heyəti və Biologiya ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişdir.
Tədbirin açılış nitqini BDU Biologiya fakültəsinin Biofizika və Biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov etmişdir. O, genetika ixtisasının cəmiyyət üçün əhəmiyyətindən, həmçinin bu sahədə müasir və savadlı kadrların hazırlanması üçün Universitetdə görülən işlərdən danışmışdır.
Həkim-sitogenetik Vüsalə Əliyeva öz çıxışında süd vəzi xərçənginin genetik əsasları barədə ətraflı məlumat vermişdir. O, bu xəstəliyin irsi səbəbləri, xərçəngə meyilli genlərin aşkarlanması və diaqnostikada sitogenetik metodların əhəmiyyətini vurğulamışdır.
V.Əliyeva, genetik tədqiqatların erkən diaqnostika və fərdi müalicə yanaşmaları üçün mühüm rol oynadığını bildirmiş, tələbələrlə bu sahədə gələcəkdə yaranacaq tədqiqat və inkişaf imkanlarını müzakirə etmişdir.