“Staphylococcus aureus: Müasir Tibbin Qarşısında Dayanan Ciddi Təhlükə” mövzusunda elmi seminar keçirilib
Biologiya fakültəsinin Biotibbi materiallar kafedrasının müəllimi Aygün İsrayılovanın təqdimatında “Staphylococcus aureus: Müasir Tibbin Qarşısında Dayanan Ciddi Təhlükə” mövzusunda seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
A.İsrayılova qeyd edib ki, Staphylococcus aureus bakteriyası bu gün insan sağlamlığı üçün ən ciddi təhlükələrdən biri hesab olunur. Geniş spektrli infeksiyalara səbəb olan bu patogen, antibiotiklərə qarşı çoxsaylı rezistentlik mexanizmləri inkişaf etdirmək qabiliyyəti ilə seçilir və bu, qlobal səhiyyə üçün ciddi problem yaradır.
Aparılan tədqiqatlara əsasən, S. aureus-un antibiotiklərə qarşı müqaviməti aşağıdakı mexanizmlər vasitəsilə formalaşır: β-laktamazaların sintezi, metisillinə davamlılıqla (MRSA) əlaqəli olan mecA geninin əldə olunması, ribosomal RNT və ya DNT-dəki mutasiyalar nəticəsində hədəf sahələrinin dəyişməsi, eləcə də antibiotiklərin enzimatik inaktivasiyası. Bundan əlavə, bakteriya membranının strukturunda baş verən dəyişikliklər daptomisin kimi güclü antimikrob agentlərə qarşı müqavimətin yaranmasına səbəb olur.
Bu kompleks rezistentlik mexanizmləri S. aureus-un müalicəsini çətinləşdirir və yeni, effektiv antimikrob strategiyaların inkişafını zəruri edir. Eyni zamanda, bu cür davamlı və rezistent ştammların sürətlə yayılması ictimai sağlamlıq üçün təhlükə yaradır və davamlı epidemioloji nəzarətin əhəmiyyətini bir daha gündəmə gətirir.
Seminar iştirakçıları antibiotiklərin düzgün istifadəsinin və elmi əsaslı yanaşmaların tətbiqinin infeksiyaların qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıblar.