"Silinməz yaramız - Xocalı" adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Silinməz yaramız - Xocalı" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra, Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Bakı Dövlət Universiteti Biologiya fakültəsi Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev çıxış edərək, Xocalı qətliamının xalqımızda buraxdığı dərin izlərdən bəhs etdi. Y.Abiyev dövlətin siyasəti və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində şəhidlərin qanının yerdə qalmadığını, bundan sonra məhv edilmiş yaşayış məskənlərimizin yenidən qurulacağını, məcburi köçkün və qaçqınların yaxın zamanda öz yurdlarına qayıdacağını vurğuladı.
Daha sonra məruzə edən BDU Tarix fakültəsinin müəllimi Nurlan Abbasov Xocalı faciəsinin səbəblərini, tarixi faktları, Azərbaycanın diaspor fəaliyyətini, ermənilərin uzunmüddətli etnik təmizləmə siyasətini detallı şəkildə müəllim-tələbə heyətinə çatdırdı. Humanizmə uyğun olmayan erməni vəhşilikləri haqqında xatirələrini iştirakçılarla bölüşən N.Abbasov, gənclərə xalqımıza qarşı törədilən cinayətlərin unudulmaması, xalqın mübarizəsilə qurulmuş dövlətin qorunması, həmçinin qürurverici tariximizin gələcək nəsillərə ötürülməsi üçün tövsiyyələrini verdi.
Anım tədbiri tələbələrin bədii çıxışları və videoçarxın təqdimatı ilə yekunlaşıb.