"Səbəb-Nəticə münasibətləri mövqeyindən parazitizmə baxış" mövzusunda elmi seminar
Biologiya fakültəsində dosent Manafov Asifin "Səbəb-Nəticə münasibətləri mövqeyindən parazitizmə baxış" mövzusunda elmi seminar təqdim etmişdir.
Seminarda məruzəçi parazitizmin meydana gəlməsi, inkişaf yolları, yayılması, formaları və mahiyyəti ilə bağlı mövcud konsepsiya, baxış, tərif, təyinat və nəzəriyyələrin ilk dəfə Səbəb-nəticə münasibətləri (SNM) mövqeyindən təhlilinin bəzi nəticələri və bu məsələlərə dair görüşləri barədə məlumat vermişdir. Təqdim edilən material faktik olaraq parazitizmin antropogen amilin birbaşa və ya dolayı təsirinin nəticəsi olaraq meydana gəldiyinə dair irəli sürülən yeni konsepsiyanın başlıca müddəalarının qısa şərhindən ibarətdir.
Məruzəçi təqdimatın başlıca müddəaları haqqında bildirmişdir ki, parazit, parazitizm və müxtəlif xarakterli parazit-sahib sistemlərindəki münasibətlərin mövcud paradiqmalar çərçivəsində izahı mümkün olmayan cəhətlərinin parazitologiyanın bütün tarixi inkişaf dövrləri ərzində toplanmış çox zəngin və geniş diapazonlu ədəbiyyat materialları və real faktlar əsasında aparılan təhlillərinə əsaslanır. Bu baxımdan, qlobal iqlim dəyişmələri və qlobal istiləşmənin də SNM mövqeyindən tamamilə eyni mənşəli və mahiyyətli qlobal prosesin qanunauyğun nəticələrindən olduğu nəzərə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.