"Şanlı Zəfərimiz" adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti Biologiya fakültəsi və SABAH qruplarının təşəbbüsü ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş "Şanlı Zəfərimiz" adlı tədbir keçirilib. Tədbirdə şanlı qazilərimiz fakültənin müəllim heyəti, tələbələr, iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanın tarixini, Vətən müharibəsində göstərilən qəhrəmanlıqları anmaq və gənc nəsillərə vətənpərvərlik ruhunu aşılamaq olub.
Himn səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev çıxış edərək qonaqları salamlayıb və Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycanın igid oğul və qızlarının Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqlardan və bu zəfərin xalqımız üçün nə qədər böyük bir qürur mənbəyi olduğundan söz açıb.
Tədbirdə xüsusi qonaq qismində iştirak edən qazilər Vətən Müharibəsi qazisi Elmin Həsənov və gizir Şərbət Mahmudov döyüş xatirələrini, Vətənə olan sevgilərini və qəhrəmanlıq nümunələrini tədbir iştirakçıları ilə bölüşüblər. Gənclərə verdikləri mesajlarla, Vətən yolunda göstərilən fədakarlıqların unudulmaz olduğunu bir daha vurğulayıblar.
Tədbirin bədii hissəsində tələbələr hazırladıqları şer və vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə tamaşaçılara təsirli anlar yaşadıblar.
"Şanlı Zəfərimiz" adlı bu tədbir, gənclər arasında milli qürur hissinin gücləndirilməsi və Zəfər Gününün önəminin vurğulanması baxımından böyük əhəmiyyət kəsb edir.