“Sağlam Gələcək: Narkotikdən Uzaq Ol” adlı maarifləndirici tədbir
Biologiya fakültəsində “Sağlam Gələcək: Narkotikdən Uzaq Ol” adlı maarifləndirici tədbir keçirildi. Tədbir narkomaniya və psixotrop maddələrin zərərləri, eləcə də onların gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə təşkil olunmuşdu.
Tədbiri giriş sözü ilə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev açaraq narkomaniyanın cəmiyyətə və gənc nəslin sağlamlığına yaratdığı təhlükələrdən bəhs etdi və tələbələri sağlam həyat tərzinə dəvət etdi.
Tədbirin əsas məruzəçisi olan Medi-Art Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr-narkoloq, tibb elmləri doktoru Araz Əliquliyev öz çıxışında narkotik maddələrin psixoloji və fiziki asılılığa necə səbəb olduğunu geniş şəkildə izah etdi. O, narkotik maddələrin insanın beyin fəaliyyətinə göstərdiyi təsirlərdən danışaraq, bu maddələrin sinir sistemini zədələdiyini və uzunmüddətli istifadənin insanın düşünmə qabiliyyətini, emosional sabitliyini və qərar qəbul etmə proseslərini pozduğunu qeyd etdi.
Məruzəçi vurğuladı ki, narkomaniya ilə mübarizə təkcə hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Hüquqi tədbirlər narkotik maddələrin qanunsuz dövriyyəsini və istifadəsini azaltmağa yönəlsə də, əslində bu problemin həlli üçün geniş sosial və psixoloji yanaşma tələb olunur. O, narkotik asılılığı olan şəxslərə müvafiq psixoloji dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi. Həkim asılılıqdan qurtulmaq üçün düzgün psixoloji məsləhət, dəstək və reabilitasiya prosesinin həyata keçirilməsinin, insanların sosial mühitə yenidən inteqrasiya edilməsinin zəruri olduğunu vurğuladı.
Məruzə zamanı Araz Əliquliyev narkotik asılılığı ilə mübarizənin fərdi məsələ olmadığını, bunun cəmiyyətin birgə səy göstərməsini tələb edən ciddi problem olduğunu vurğuladı. O, narkomaniyanın yalnız bir şəxsin həyatını deyil, onun ailəsini və cəmiyyətin bütövlükdə rifahını təsir edən genişmiqyaslı bir problem olduğunu qeyd etdi.
Sonda iştirakçıların sualları cavablandırıldı və geniş müzakirə aparıldı.