“Reproduktiv sağlamlıq: Etik və hüquqi yanaşmalar” mövzusunda təlim keçirilib
Bakı Dövlət Universitetinin Biologiya və Hüquq fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq: Etik və hüquqi yanaşmalar” adlı maarifləndirici təlim baş tutub.
Tədbir Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının dosenti, biologiya elmləri namizədi Sevda Tahirlinin açılış nitqi ilə başlayıb. O, gənclərin reproduktiv sağlamlıq sahəsində düzgün maarifləndirilməsinin vacibliyini vurğulayaraq, bu sahənin bioloji və sosial aspektlərinə toxunub.
Daha sonra BDU Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tibb hüququ üzrə ekspert Hikmət Babayev çıxış edib. O, reproduktiv hüquqların hüquqi və etik çərçivəsi, mövcud qanunvericilik və vətəndaşların hüquqi maarifləndirilməsi məsələləri barədə ətraflı məlumat verib.
Təlimin məqsədi tələbələr arasında reproduktiv sağlamlıq sahəsində həm bioloji, həm də hüquqi biliklərin artırılması, eləcə də bu sahədə etik düşüncənin formalaşdırılması olub.