Ralfrid Həsənovun 85 yaşı tamam olub
Mükəmməllik Mərkəzinin biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri, Biofizika və biokimya kafedrasının professoru Raflid Həsənovun 85 yaşı tamam olub.
Raflid Əhəd oğlu Həsənov 16 fevral 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1955-cu ildə orta məktəbi müvəffəqiyyətlə bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinə daxil olmuşdur. 1960-cü ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuraraq elə həmin il Moskva Dövlət Universitetinin biofizika kafedrasına əyani aspiraturaya daxil olmuşdur. 1985-ci ildə SSRİ Elmlər Akademiyasının A.N. Bax adına Biokimya İnstitutunda 2406.02 - Biokimya ixtisası üzrə biologiya elmləri doktoru, 1986-cı ildə professor elmi adı almışdır
R.Ə.Həsənov 1966-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda kiçik elmi işçi, 1967-ci ildə Biofizika yaradıcı qrupunun rəhbəri, 1970-2011-ci illərdə Biofizika laboratoriyasının müdiri, 1972-1973-cü illərdə ABŞ-ın Stenford və İllinoys Universitetlərində tədqiqatçı, 1985-1996-cı illərdə AMEA-nın Botanika institutunun direktor müavini, 1996-1998-ci illərdə AMEA-nın Molekulyar biologiya və Biotexnologiya İnstitutunun direktoru, Molekulyar Biologiya departamentinin rəhbəri, 2000-2001-ci illərdə Yaponiyanın Kvansey Qaukin Universitetinin professoru, 2004-2006-cı illərdə Pakistanın Karaçi Universitetinin üçüncü ölkələrin kimya və biokimya mərkəzinin professoru, 2011-2019-cu illərdə Biofizika və molekulyar biologiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 1986-cı ildən professordur və hal-hazırda BDU-nun Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiridir.
Raflid Həsənov 2 kitab və dərs vəsaitinin, 200-dən çox yerli və xarici mətbuatlarda çap olunmuş elmi əsərlərin müəllifidir.
R.Həsənov 1970-ci ildə “Şərəfli əməyə görə” medalı, 1971-ci ildə elm və texnika üzrə Respublika gəncləri mükafatı laureatı, 2014-cü ildə Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri fərmanla təltif olunmuşdur, 2019-cu ildən Əməkdar elm xadimidir.
R.Həsənov tərəfindən təklif olunmuş metodik üsullar magistr, doktorant və gənc tədqiqatçılar tərəfindən elmi tədqiqatlarda müvəffəqiyyətlə istifadə olunur. R.Həsənov rus, ingilis dillərində çox uğurla elmi-pedaqoji fəaliyyətini müasir səviyyədə təşkil etməyə çalışır. Onun rəhbərliyi altında biologiya üzrə 21 fəlsəfə doktoru hazırlanmışdır. Raflid Həsənovu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.