Quaid Azam Universitetinin professoru BDU-da ustad dərsi keçib
Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə Quaid Azam Universitetinin tanınmış professoru Muhammad Zafar "Bitkilərdən bioenerji mənbəyi kimi istifadə imkanları" mövzusunda maraqlı mühazirə ilə çıxış edib. Tədbirə Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrinin, eləcə də Sabah qruplarının professor-müəllim heyəti, magistr-tələbələr iştirak edib.
Professor Muhammad Zafar mühazirəsində bitkilərin etnobotaniki xüsusiyyətləri, bioenerji sahəsindəki potensialları və müasir dövrdə bitki toxumlarından biodizel yanacağı əldə olunması ilə bağlı innovativ metodologiyaları izah edib. Eyni zamanda, bu metodların iqtisadi və ekoloji üstünlükləri, habelə onların tətbiq sahələri geniş müzakirə olunub.
Tədbir iştirakçıları üçün bu mühazirə aktual mövzu ətrafında dəyərli məlumatlarla yanaşı, yeni tədqiqat perspektivləri də təqdim edib. Təqdimatdan sonra bioenerji mənbələrinin inkişafı və davamlı enerji təminatı mövzusunda müzakirələr davam edib.