Qəbələdə istehsalat təcrübə
BAKI DÖVLƏT UNİVERSİTETİ BİOLOGİYA FAKÜLTƏSİNİN IV KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Zoologiya və fiziologiya” kafedrasının dosenti, təcrübə rəhbəri Çingiz Məmmədov tərəfindən “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə təhsil alan IV kurs 135 A qrupunun tələbələri (19 nəfər) 14.04.2023-cü il tarixində “Azerbaijan Fish Farm” MMC-nin Qəbələ rayonununda yerləşən “Qəbələ Forel Damazlıq” təsərrüfatında istehsalat təcrübəsi keçiblər.
Təcrübə prosesində tələbələr təsərrüfatın quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıqlar və qurğularla, balıqartırma prosesinin müxtəlif biotexnoloji mərhələləri ilə tanış olublar. Azərbaycanın qiymətli vətəgə balıqlarından olan Xəzər qızılbalığının, həmçinin Azərbaycana əvvəllər introduksiya edilmiş əlvan ferelin və qızılı ferelin süni artırılması prosesini, burada tətbiq olunan yeni texnoloji metodları əyani şəkildə izləyiblər. Tələbələr qızılbalıq sürfələrin və körpələrin hovuzlarda və kanallarda yetişdirilməsi texnologiyaları ilə, həmçinin onların canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları ilə yaxından tanış olublar.
Tələbələr təcrübə prosesində təsərrüfatda formalaşdırılmış müxtəlif növ qızılbalıqların törədici fondu, onların yetişdirilməsi texnologiyaları, balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə ətraflı tanış olublar.