Qalaktozemiya xəstəliyinin diaqnostikasi üzrə elmi seminar
Bakı Dövlət Universiteti Biologiya fakültəsində Genetika kafedrasının doktorantı Nilufər Hacıyevanın yenidoğulmuşlarda qalaktozemiya xəstəliyinin diaqnostikası və Azərbaycanda yayılma tezliyi mövzusunda elmi seminarı keçirilib. Fakültə rəhbərliyi və professor-müəllim heyətinin iştirak etdiyi seminar zamanı qalaktozemiya xəstəliyinin genetik səbəbləri və uşaqlarda bu xəstəliyin erkən aşkarlanmasının əhəmiyyəti müzakirə edilib.
Məruzəçi bildirib ki, bu tədqiqat çərçivəsində 576 yenidoğulmuş və 138 xəstə uşaq üzərində aparılan araşdırmalar nəticəsində qalaktozemiyanın yayılma faizi 0,86% olaraq müəyyən edilib. Bu xəstəlik dünyada yayılmış əsas irsi xəstəliklərdən biri hesab olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən erkən diaqnostika proqramlarına daxil edilib.
Seminarda vurğulanıb ki, erkən diaqnoz və düzgün müalicə qalaktozemiya xəstələrinin həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Xəstələrin və ailələrinin bu barədə məlumatlı olması və lazımi tədbirlər görməsi çox vacibdir. Tədqiqat, həmçinin, yeni müalicə üsullarının inkişaf etdirilməsinə töhfə verməyi hədəfləyir.