Professor Saib Qurban oğlu Güləhmədovun 60 illik yubileyi qeyd olunur

2026-cı il yanvarın 8-də Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiya kafedrasının professoru, biologiya elmləri doktoru Saib Qurban oğlu Güləhmədovun 60 illik yubileyi tamam olur.
Saib Qurban oğlu Güləhmədov 1966-cı il yanvarın 8-də Gürcüstan SSR-in Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Orta təhsilini 1972–1982-ci illərdə həmin kənd orta məktəbində almışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur.
1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, 1986-cı ildə Bakı Dövlət Universitetində təhsilini davam etdirmiş və 1989-cu ildə universiteti adlı təqaüd və fərqlənmə diplomu ilə bitirmişdir.
1989-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlamış və indiyədək bu ali təhsil müəssisəsində fasiləsiz fəaliyyət göstərmişdir. O, BDU-nun Biotexnologiya elmi-tədqiqat laboratoriyasında əvvəlcə baş laborant (1989), sonra kiçik elmi işçi (1990) vəzifələrində çalışmışdır. 1991–1993-cü illərdə BDU Biologiya fakültəsində əyani aspiranturaya qəbul olunmuş və Rusiya Elmlər Akademiyasının A.N. Bax adına Biokimya İnstitutuna (Moskva) elmi ezamiyyətə göndərilmişdir.
Aspiranturanı başa vurduqdan sonra Bakıya qayıdan S.Q. Güləhmədov 1994-cü ildə Biologiya fakültəsində müəllim vəzifəsinə seçilmişdir. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonrakı illərdə həmin fakültədə baş müəllim (1996) və dosent (2003) vəzifələrində çalışmışdır.
2003-cü ildən etibarən professor S.Q. Güləhmədovun elmi-tədqiqat fəaliyyəti ilə bağlı olaraq aparıcı xarici elm mərkəzlərinə mütəmadi elmi ezamiyyətləri başlamışdır. O, 2003-cü ildə Türkiyə Respublikasında Qəbzə Yüksək Texnologiya İnstitutunda (4 ay), 2003–2007-ci illərdə Fransanın Nant şəhərində yerləşən INRA elmi mərkəzində, 2007-ci ildə Belçikanın Gent Universitetində, 2008-ci ildə Bolqarıstanın Sofiya şəhərində Oxridski Universitetində, 2011-ci ildə Böyük Britaniyanın Vestminster Universitetində (London), 2014-cü ildə isə Çexiyanın Praqa Universitetində elmi ezamiyyətlərdə olmuş və Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Aparılmış elmi-tədqiqat işlərinin məntiqi nəticəsi olaraq S.Q. Güləhmədov 2016-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək “Biotexnologiya” ixtisası üzrə Azərbaycanda ilk və hələlik yeganə biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 2018-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiya kafedrasına professor vəzifəsinə seçilmiş və hazırda da həmin vəzifədə fəaliyyətini davam etdirir.
Elmi-pedaqoji fəaliyyəti dövründə professor S.Q. Güləhmədovun 200-dən çox elmi əsəri, 1 monoqrafiyası, 2 dərsliyi və 20-dən artıq dərs vəsaiti nəşr edilmişdir. Onun elmi rəhbərliyi altında 34 magistr və 2 fəlsəfə doktoru hazırlanmışdır. Alimin 30-a yaxın elmi məqaləsi Web of Science və Scopus bazalarına daxil olan Q1, Q2, Q3 və Q4 indeksli nüfuzlu jurnallarda dərc edilmişdir. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda, eləcə də respublika səviyyəli elmi tədbirlərdə məruzələrlə çıxış etmişdir.
2004–2010-cu illərdə beynəlxalq elmi konsorsiumlar çərçivəsində həyata keçirilən 5 qrant layihəsində iştirak etmiş, bu layihələr vasitəsilə Bakı Dövlət Universitetinə əhəmiyyətli maliyyə vəsaitinin cəlb olunmasına töhfə vermişdir. Xüsusilə 2005–2007-ci illərdə Fransa Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycandakı Səfirliyi tərəfindən şəxsən onun üçün ayrılmış qrant layihəsi xüsusi əhəmiyyət kəsb etmişdir.
Professor S.Q. Güləhmədov 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” layihəsində jüri üzvü, 2018–2025-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert kimi fəaliyyət göstərmişdir.
Onun elmi-pedaqoji fəaliyyəti universitet rəhbərliyi və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş, elm və təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” (2009) və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilmişdir.
Professor Saib Qurban oğlu Güləhmədov rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, 2 övladı və 4 nəvəsi vardır.