Professor Barbara Wojtasik elmi seminar keçirdi
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları, Ekologiya alimləri üçün Polşa Respublikasının Gdansk Universitetinin Biologiya fakültəsinin “Genetika və biosistematika“ kafedrasının professoru Barbara Wojtasik tərəfindən “Zooekoloji tədqiqatlarda yeni metodun tətbiqi” mövzusunda elmi seminar keçirildi. Elmi seminarda BDU-nun prorektorları Fərda İmanov, Şahin Pənahov Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri Nərminə Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri Məhluqə Yusifova, Bofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev iştirak ediblər.
Məruzəçi tədqiq etdiyi su mühitinin xarakteristikası və bentos orqanizmlərin sistematik qrupları haqqında ətraflı məlumat verdi. Polşalı alim çirklənmiş su mühitinin ekoloji qiymətləndirilməsi üçün yeni metodun məzmununu təqdim etdi.
Eyni zamanda Barbara Wojtasik su hövzələrində bentoc növlərin indikator xüsusiyyətini, hidromorfoloji, hidrofiziki, hidrokimyəvi rejimləri haqqında tədqiqatlardan əldə edilən nəticələri təqdim etdi. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.