PLASTİK TULLANTILARIN ƏTRAF MÜHİTƏ TƏSİRİ
15 aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Plastik tullantıların ətraf mühitə təsiri” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə əlaqədar I kurs 163 R qrupunun tələbəsi Səkinəxanım Qasımova çıxış etdi. Seminarda Biologiya fakültəsinin dekanı, b.e.d., professor Afət Məmmədova, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dos. Çingiz Məmmədov və TEC-in 30-dan artıq tələbə və magistrant üzvləri iştirak etdi. Seminarın açılışında TEC-in Biologiya fakültəsi üzrə elmi rəhbəri Çingiz Mammedov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və sözü məruzəçiyə ötürdü. Məruzəçi Səkinəxanım Qasımova plastik materialların yaranma tarixi, onların mənşəyi, bu sahədə əldə edilmiş elmi nailiyyətlər və ixtiralar haqqında auditoriyaya ətraflı məlumat verdi. Məruzəçi, həmçinin plastik materiallardan hazırlanmış avadanlıqların məişətdə və istehsalatda istifadəsi nəticəsində yaranan problemlər və onların aradan qaldırılması istiqamətində dünyada və respublikamızda həyata keçirilən tədbirlər haqqında məlumatlar verdi. Seminarda plastiki əvəz edəcək materiallar və onların təkrar emalı ilə əlaqədar təkliflər müzakirə olundu. Çıxışın yekununda məruzəçi müəllimlərin və tələbələrin suallarını ətraflı cavablandırdı. Mövzu ətrafında geniş diskussiyalar yarandı. Tələbə və müəllimlər Səkinəxanım Qasımovaya təhsildə və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdilər.