Pakistanlı alimlər Biologiya fakültəsində dərman bitkilərinə həsr olunmuş mühazirə oxuyub
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Pakistanın beynəlxalq səviyyəli alimləri Dr. Muhammad Zafar və Dr. Javaria Zahoor dərman bitkiləri mövzusunda iki mühazirə oxuyub. Tədbirdə fakültənin rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak edib.
Dr. Muhammad Zafar dərman bitkilərinin idxal və ixrac məsələlərinə dair ətraflı təqdimat etdi. O, Pakistanda və dünyanın digər bölgələrində yetişən dərman bitkiləri növlərinin iqtisadi və tibbi əhəmiyyətini vurğuladı. Eyni zamanda, bu bitkilərdən yeni metodlarlarla əldə edilən tibbi materialların qlobal miqyasda istifadəsi və potensial perspektivləri haqqında maraqlı məlumatlar təqdim etdi.
Dr. Javaria Zahoor isə fərqli dərman bitkiləri haqqında ümumi məlumat verdi və xüsusilə nanə (Mentha), limon (Citrus) və digər çoxsaylı bitkilərinin əhəmiyyətini diqqətə çatdırdı. O, bu bitkilərin müxtəlif xəstəliklərin müalicəsində necə və hansı metodlarla istifadə olunduğunu izah edərək, təbii vasitələrin insan sağlamlığı üçün əvəzsiz rolunu bir daha xatırlatdı.
Hər iki təqdimatdan sonra tədbir iştirakçıları üçün Pakistanın zəngin mədəniyyətinə həsr olunmuş qısa video-çarx nümayiş etdirildi. Tədbirin sonunda təsadüfi seçmə yolu ilə iştirakçılara Pakistanın milli geyimi papaqlar və başqa hədiyyələr verildi.
BDU Biologiya fakültəsi rəhbərliyi bu seminarın tələbələr və müəllimlər üçün böyük elmi və mədəni əhəmiyyət daşıdığını qeyd etdi. Tədbirin təşkilatçıları gələcəkdə də belə beynəlxalq əməkdaşlıqların davam etdiriləcəyini və bu istiqamətdə yeni layihələrin planlaşdırıldığını bildirdilər.