Özbəkistanlı doktorantlar və BDU tələbələri Azərbaycanda elmi-praktiki təcrübə proqramında iştirak ediblər

Biologiya fakültəsinin təşəbbüsü ilə Buxara Tibb Universitetindən təcrübə keçmək üçün gəlmiş doktorantların, fakültənin magistrant və “Biotexnologiya” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub. Proqramın məqsədi iştirakçıların müasir laborator texnologiyaları, tətbiqi analiz metodları və aktual tədqiqat istiqamətləri ilə birbaşa tanışlığını təmin etmək olub.
Təcrübə proqramı çərçivəsində iştirakçılar BDU Biologiya fakültəsinin ixtisaslaşmış laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Molekulyar biologiya, biokimya, genetik analiz və bitki biotexnologiyası istiqamətləri üzrə icra olunan layihələr barədə məlumat verilib, laborator avadanlıqların iş prinsipi, nümunələrin hazırlanması mərhələləri və analiz nəticələrinin interpretasiyası praktiki şəkildə izah edilib. Bu mərhələ tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Proqram çərçivəsində iştirakçılar həmçinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi, dosent Roza Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında və klinik laboratoriyalarında olublar. Burada klinik laborator diaqnostikanın təşkili, molekulyar-bioloji metodların tibbdə tətbiqi və tam avtomatlaşdırılmış analiz sistemləri barədə təqdimat keçirilib. Klinik-Diaqnostik Laboratoriyada nümunələrin barkod sistemi ilə identifikasiyası və yüksək məhsuldarlıqlı analiz prosesi nümayiş etdirilib.
Səfər ertəsi gün Əkinçilik Elmi-Tədqiqat İnstitutunda davam etdirilib. İnstitutda aparılan aqrar-bioloji tədqiqat istiqamətləri və laborator analiz metodları haqqında məlumat verilib. Təcrübə çərçivəsində QIAGEN şirkətinin Elmi və İnnovasiya üzrə direktoru İsmail Hakkı Taş tərəfindən “Glacial Advance” kapilyar elektroforez sistemi üzrə praktiki təlim keçirilib, cihazın iş prinsipi və nəticələrin analizi izah olunub.
Proqram həm Özbəkistanlı doktorantlar, həm də BDU tələbələri üçün real laborator mühitdə bilik və bacarıqların inkişafına, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə və gələcək birgə tədqiqatların formalaşmasına töhfə verir.