Növbəti elmi seminar baş tutdu
Bakı Dövlət Universteti Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Məmmədov Ziyəddin Mahmud oğlunun “Bitkilərin NADPH-əmələgətirən fermentləri və onların bitkilərin müdafiə sistemində rolu” adlı elmi seminarı keçirilmişdir.
Məruzənin mövzusu “Bitkilərin NADPH əmələ gətirən fermentləri və onların bitkilərin müdafiə sistemində rolu” olmuşdur. Ziyəddin Məmmədov qeyd etdi ki, NADPH universal, yüksək enerjili metabolit olub bir çox biosintetik proseslərdə, o cümlədən, yağların, zülalların, nuklein turşularının, ikinci dərəcəli metabolitlərin və bitkilərin müdafiə sisteminin fəaliyyətində mühüm rol oynayır. Orqanizmdə NADPH metabolitini sintez edə bilən və onun pulunu formalaşdıran cəmi bir neçə ferment mövcudluğu, bunlara dekarboksilləşdidici malatdehidrogenaza (DMDH və ya malik-ferment), qlükozo-6-fosfatdehidrogenaza (G6PDH), izositratdehidrogenaza (NADP-İSDH) fermentləri aid olduğu vurğulandı. Onlardan birincisi malatın, ikincisi qlükozo-6-fosfatın, üçüncüsü isə izositratın metabolizmində həlledici rol oynadığı göstərildi. NADPH molekulunun hüceyrədə yerinə yetirdiyi digər vacib funksiyalarla yanaşı, bitkilərin biotik və abiotik stress şəraiti tərəfindən yaranan fəsadların aradan qaldırılması üçün lazım olan oksigenin aktiv formalarının (OAF) sintezinin induksiyasına və onların, hüceyrə komponentlərini zədələyə bilən, artığının neytralaşdırılmasına yönəldiyi xüsusi qeyd olundu. OAF-ın əmələ gəlməsi prosesinin NADPH-oksidaza fermentinin elektronları NADPH molekulundan molekulyar oksigenə ötürməsi ilə başlaması, və nəticədə, superoksidanion radikalının yaranması, ondan isə müxtəlif fermentativ və qeyri-fermentativ sistemlərin cəlb olunması sayəsində oksigenin digər aktiv formaları əmələ gəldiyi sxemlər göstərildi. Bu birləşmələr içərisində mühüm əhəmiyyət kəsb edənlərinin multifunksionallıq xüsusiyyətinə malik hidrogen peroksid və azot oksid molekullarının olması vurğulandı. Onlar siqnal funksiyasını yerinə yetirməklə yanaşı, həmçinin, müxtəlif zülallarla birləşərək onların funksional aktivliyinə təsir göstərə bilirlər. Proses başa çatdıqdan sonra onların, ələlxüsus da, hidrogen peroksidin, artığının (normada onlar hüceyrədə müəyyən səviyyədə olmalıdır) bir sıra antioksidant fermentlər tərəfindən neytrallaşdırılmalıdıdığı və bunlar arasında askobat və qlutationu da bu proseslərə cəlb edən askorbatperoksidaza (APO), qlutation peroksidaza (GPO), qlutation reduktaza (GR) və tioredoksin reduktaza fermentləri fermentlərinin xüsusi əhəmiyyət kəsb etdiyi göstərildi. Onlar tərəfindən yerinə yetirilən bütün bu reaksiyaların hamısında NADPH hidrogen peroksidin reduksiyası üçün elektronların donoru rolunda çıxış edir. Stress faktoru şəraitində osmoprotektant funksiyasını yerinə yetirən prolin amin turşusunun biosintezinin özü də NADPH metabolitinin iştirakını tələb edir.
NADPH-əmələgətirən fermentlərin öyrənilməsi ilə əlaqədar maraqlı məqamlardan birinin stress faktoru şəraitində stresin tipindən və bitkilərin növündən asılı olaraq sadalanan fermentlərdən hansının, hüceyrənin hansı kompartmentində müdafiə reaksiyasında nə dərəcədə cəlb olunmasının müəyyənləşdirilməsinin vacibliyi əsaslandırıldı. Şübhəsiz ki, bu problemin həlli mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edə bilər və ətraf mühitin əlverişsiz şəraitinə qarşı tolerant bitki genotiplərinin yaradılmısında yardımçı ola bilər. Problemin aydınlaşdırılmasının mühüm nəzəri və praktiki əhəmiyyət kəsb etməsi haqqında ətraflı məlumat verildi. NADPH-əmələgətirən fermentlərin ətraf mühitin ekstremal faktorlarına qarşı müdafiə reaksiyalarında iştirakı və bitkilərin bu cür şəraitə adaptasiyası proseslərinin biokimyəvi əsaslarının müəyyənləşdirilməsi bu fermentlərin aktivliyinin bitkilərin inkişaf mərhələlərinə uyğun olaraq tənzimlənməsi yüksək tolerantlığa malik bitki sortlarının alınması və məhsuldarlığın artırılmasında yardımçı material ola bilər. NADPH-əmələgətirən fermentlərin ekstremal şəraitə cavab reaksiyasında rolunun öyrənilməsi prosesin həyata keçirilməsinin mexanizminin aydınlaşdırılması və ondan səmərəli istifadə olunmasına imkan yarada bilər.
Məruzəçi sonda seminar iştirakçılarının suallarını cavablandırdı və qeyd etdi ki, aparılan tədqiqatlar genişləndirilməli və onun nəticələri yeni və ekstremal şəraitə tolerant və məhsuldar sortları alınmasında tətbiq olunmalıdır.