Biologiya fakültəsinin tələbələri “Araz Supermarket” MMC-də istehsalat təcrübəsi keçir
-lg.jpg)
Bakı Dövlət Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri “Araz Supermarket” MMC-də təşkil olunan istehsalat təcrübəsi proqramında iştirak edirlər. Proqram tələbələrin nəzəri biliklərini real istehsalat və biznes mühitində tətbiq etməsi, həmçinin onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.
Cari ilin fevral ayında başlayan və may ayına qədər davam edəcək istehsalat təcrübəsi proqramı çərçivəsində tələbələr şirkətin müxtəlif fəaliyyət istiqamətləri üzrə praktiki biliklər əldə edirlər. Təcrübə proqramı tələbələrə müasir istehsalat prosesləri, idarəetmə mexanizmləri və qida təhlükəsizliyi sistemləri ilə yaxından tanış olmaq imkanı yaradır.
Təcrübə müddətində tələbələr ət emalı sahəsi, qənnadı fabriki, logistika mərkəzinin fəaliyyəti, paketləmə prosesi, həmçinin “Araz” supermarketlər şəbəkəsinin iş prinsipləri ilə tanış olurlar. Bununla yanaşı, onlar tədarükçülərin dəyərləndirilməsi, məhsulların keyfiyyətinə nəzarət, qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması prosesləri barədə də praktiki məlumat əldə edirlər.
Proqram çərçivəsində təşkil olunan görüşdə İnsan Resursları və Biznesə Dəstək direktoru Pərviz Qasımov tələbələrlə görüşərək onların təcrübə müddətində əldə etdikləri ilkin təəssüratlar və qazandıqları biliklər barədə fikirlərini dinləyib. Görüş zamanı tələbələr üçün yaradılan iş mühiti, praktiki biliklərin artırılması imkanları və gələcək peşəkar inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu kimi əməkdaşlıq layihələri tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etməsinə, onların peşəkar bacarıqlarının inkişafına və gələcək əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına mühüm töhfə verir.