Biologiya fakültəsinin 3 magistratura proqramı beynəlxalq akkreditasiyadan keçib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində magistratura səviyyəsində tədris olunan “Biofizika”, “Mikrobiologiya” və “Molekulyar biologiya” təhsil proqramları beynəlxalq akkreditasiyadan uğurla keçib.
Akkreditasiya Qazaxıstanda fəaliyyət göstərən Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən həyata keçirilib. Proses çərçivəsində beynəlxalq ekspert komissiyası tərəfindən universitetdə kompleks qiymətləndirmə aparılıb, təhsil proqramlarının məzmunu, müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza nəzərdən keçirilib.
Yekun qiymətləndirmənin nəticələrinə əsasən, Biologiya fakültəsi üzrə magistratura səviyyəsində tədris olunan bu 3 proqram 5 il müddətinə — 27 mart 2031-ci il tarixinədək tam akkreditasiyadan keçirilib.
Bu nəticə Biologiya fakültəsində həyata keçirilən təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiq edir, fakültənin akademik nüfuzunun və rəqabətqabiliyyətinin yüksəlməsinə mühüm töhfə verir.