Biologiya fakültəsinin müəllimi Möhübbət Nəcəfli vəfat edib

Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi, biologiya elmləri namizədi Möhübbət Hümbət oğlu Nəcəfli vəfat edib.
Möhübbət Nəcəfli 22 noyabr 1962-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1969–1979-cu illərdə Aşağı Seyidəhmədli kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci illərdə Füzuli rayonunun Engels adına üzümçülük sovxozunda çalışıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub.
1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 1989–1993-cü illərdə AMEA-nın “Biotex” Elmi-Tədqiqat Birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda fəaliyyət göstərib. 1993-cü ildən etibarən BDU-da müxtəlif elmi və pedaqoji vəzifələrdə çalışıb.
O, 1993–2016-cı illərdə Biologiya fakültəsinin Biotexnologiya elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi və elmi işçi, 2016–2020-ci illərdə Bitki fiziologiyası kafedrasında müəllim, 2020-ci ildən isə Genetika kafedrasında tam ştat müəllim kimi fəaliyyət göstərib. 2007-ci ildən BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində də biologiya müəllimi işləyib.
1992–1996-cı illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda qiyabi aspirant olub. 29 iyun 2006-cı ildə “İntensiv becərilmə şəraitində Dunaliella salina İPAsD 294 hüceyrələrinin UB şüaları ilə zədələnməsi və fizioloji davamlılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2007-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsini alıb.
Möhübbət Nəcəflinin əsas tədqiqat sahələri biofizika və radiobiologiya olub.
O, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı, 2021-ci ildə isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanı ilə təltif olunub.
Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi Möhübbət Nəcəflinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin.