Biologiya fakültəsində “Elm Günü”nə həsr olunmuş elmi seminar keçirilib
-lg.jpg)
Biologiya fakültəsində “Elm Günü”nə həsr olunmuş növbəti elmi seminar keçirilib. Fakültədə elmi mühitin daha da gücləndirilməsi, gənc tədqiqatçıların aktual elmi istiqamətlər üzrə məlumatlandırılması və müasir biologiya elminin prioritet mövzularının geniş auditoriyaya çatdırılması məqsədi daşıyan tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak ediblər.
Botanika və bitki fiziologiyası kafedrasının doktorantı, Biomühəndislik Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Böyükxanım Cəfərzadə tərəfindən təqdim edilib. Seminar “Duzadavamlılıq dərəcəsinə görə fərqlənən bitkilərdə antioksidant müdafiə sisteminin tədqiqi” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində duzluluq stresinin bitkilərin fizioloji-biokimyəvi proses lərinə təsiri geniş və sistemli şəkildə təhlil olunub. Məruzədə duzlu şəraitdə yetişdirilən arpa, buğda və lobya bitkiləri üzərində aparılan tədqiqatların nəticələri təqdim edilib, həmin bitkilərdə cücərmə göstəriciləri, morfoloji parametrlər, o cümlədən kök və gövdə uzunluğu, biokütlə, eləcə də fizioloji və biokimyəvi xüsusiyyətlər kompleks şəkildə araşdırılıb.
Təqdimat zamanı bitkilərdə su balansı, su qıtlığı, nisbi su tutumu, fotosintetik piqmentlərin vəziyyəti, antioksidant fermentlərin aktivliyi, həmçinin qeyri-fermentativ komponentlərin dəyişmə dinamikası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, duz stresinin intensivliyinin artması bitkilərdə osmotik balansın pozulmasına, ion toksikliyinin güclənməsinə və oksidləşdirici stresin artmasına səbəb olur. Bu isə son nəticədə bitkilərin böyümə, inkişaf və məhsuldarlıq göstəricilərinin zəifləməsi ilə müşahidə olunur.
Seminarda müxtəlif bitki növlərinin duzadavamlılıq səviyyəsinə görə müqayisəli təhlili də təqdim olunub. Bildirilib ki, duz stresinə daha davamlı bitkilərdə antioksidant müdafiə sistemi daha aktiv fəaliyyət göstərir, antioksidant fermentlərin yüksək aktivliyi isə reaktiv oksigen növlərinin zərərli təsirinin zəiflədilməsində mühüm rol oynayır. Bu baxımdan antioksidant müdafiə mexanizmlərinin öyrənilməsi bitkilərin stres amillərinə uyğunlaşma potensialının qiymətləndirilməsi üçün əhəmiyyətli elmi istiqamətlərdən biri kimi dəyərləndirilib.
Məruzədə əldə olunmuş nəticələrin yalnız nəzəri deyil, həm də praktik əhəmiyyət daşıdığı vurğulanıb. Xüsusilə qeyd edilib ki, bu tədqiqatlar duzlu torpaq şəraitində kənd təsərrüfatı bitkilərinin seleksiyası, stresə davamlı sortların müəyyənləşdirilməsi, məhsuldarlığın qorunması və effektiv aqrotexniki tədbirlərin işlənib hazırlanması baxımından mühüm elmi əsas yaradır. Eyni zamanda, belə tədqiqatların torpaq resurslarından səmərəli istifadə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və ekoloji şəraitə uyğun davamlı kənd təsərrüfatı modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb. Tədbirin sonunda bu kimi elmi seminarların biologiya sahəsində aparılan tədqiqatların təşviqi, elmi biliklərin paylaşılması və gənc nəslin elmə marağının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.