Biologiya fakültəsində “Elm günü”nə həsr edilmiş növbəti elmi seminarı keçirilib

Biologiya fakültəsində Biofizika və biokimya kafedrasının doktorantı Günay Həsənovanın “Ətirli yovşan (Artemisia lerchiana Web.) bitkisi vasitəsilə alınan metal nanohissəciklərin fiziki-kimyəvi xüsusiyyətlərinin tədqiqi” mövzusunda elmi seminarı keçirilib.
Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə müasir elmin aktual istiqamətlərindən biri olan yaşıl nanobiotexnologiya, ekoloji təhlükəsiz sintez üsulları və alınan nanomaterialların tətbiq imkanları ətrafında geniş müzakirələr aparılıb.
Məruzədə bildirilib ki, aparılmış elmi tədqiqat çərçivəsində ətrili yovşan bitkisinin ekstraktı vasitəsilə gümüş (Ag) və sink (Zn) nanohissəcikləri ekoloji cəhətdən təhlükəsiz “yaşıl sintez” üsulu ilə əldə olunub, onların fiziki-kimyəvi xüsusiyyətləri isə kompleks şəkildə öyrənilib. Tədqiqatın əsas məqsədi sintez olunmuş nanomaterialların struktur, optik, morfoloji və elektrokimyəvi xüsusiyyətlərini müəyyən etməkdən ibarət olub.
Araşdırma zamanı nanohissəciklərin xarakterizasiyası üçün UV–Vis spektroskopiyası, FTIR analizi, rentgen difraksiyası (XRD), elektron mikroskopiya (TEM və SEM), atom qüvvə mikroskopiyası (AFM), termal analizlər (TGA–DTA), EDX element analizi, zeta potensial və hissəcik ölçü analizi, eləcə də elektrokimyəvi metodlar — CV, GCD və EIS kimi müasir analitik üsullardan istifadə edilib.
Təqdim olunan nəticələr göstərib ki, sintez olunmuş nanohissəciklər nanoölçülü diapazonda formalaşıb və stabil fiziki-kimyəvi xüsusiyyətlərə malikdir. TEM analizinə əsasən, gümüş nanohissəciklərin ölçüsünün 4–19 nm, sink nanohissəciklərin isə təxminən 50 nm olduğu müəyyən edilib. SEM nəticələri isə müvafiq olaraq Ag üçün 25–50 nm, Zn üçün isə 50–70 nm ölçü diapazonunu ortaya qoyub.
Seminarda qeyd olunub ki, elektrokimyəvi analizlərin nəticələri alınmış materialların yüksək elektrokimyəvi aktivliyə və aşağı daxili müqavimətə malik olduğunu göstərir. Bu isə həmin nanomaterialların enerji saxlama sistemləri, sensor texnologiyaları və katalitik proseslər kimi müxtəlif texnoloji istiqamətlərdə tətbiq potensialını artırır.
Vurğulanıb ki, tədqiqatın nəticələri yaşıl sintez metodunun ekoloji baxımdan təhlükəsiz, səmərəli və perspektivli nanomaterialların əldə olunması üçün mühüm yanaşma olduğunu bir daha təsdiqləyir. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və elmi müzakirələr keçirilib.