Nərələrin akvakulturasının prioritet istiqamətləri
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları, magistrantları, tələbələri üçün 25 oktyabr 2023- cü il tarixində “Zoologiya və fiziologiya“ kafedrasının dosenti, b.e.n. Çingiz Məmmədov tərəfindən elmi seminar təqdim edildi.
Müasir ekoloji şəraitdə müxtəlif təbii və antropogen amillərin dənizin ekosisteminə təsiri ən yüksək həddə çatdığı bir vaxtda nərələrin genofondunun qorunub saxlanması və onların təbiətdə miqdarının stabil səviyyədə qalması aktual məsələlərdən biridir. Məruzəçi qeyd etdi ki, hazırda demək olar ki, bütün Xəzəryanı ölkələrin nərəbalıqartırma zavodlarında təbii mənşəli törədici qıtlığı yaşanır. Nərələrin akvakulturasının intensivləşdirilməsi məsələsi bir tərəfdən yeni proqressiv texnologiyaların istehsalata tətbiqi, digər tərəfdən isə əmtəə məqsədilə nərəbalıqartırmanın inkişaf etdirilməsi sayəsində öz həllini tapa bilər.
Tədqiqatçı prioritet istiqamət kimi aparılan tədqiqatlarda birinci balıqartırma zavodlarında gələcək törədici və reproduktiv törədici sürülərinin formalaşdırılması, nərələrin akvakulturasının intensivləşdirilməsi istiqamətində törədici qıtlığının aradan qaldırılmasını göstərdi. Məruzəçi qeyd etdi ki, birinci istiqamət 3 formada həyata keçirilir:
a) “kürüdən kürüyə qədər” prinsipi əsasında balıqartırma zavodlarında təbii mənşəli nərələrin reproduktiv sürülərinin formalaşdırılması;
b) cinsi yetkinliyə çatmamış təbii mənşəli növlərin qismən ovlanılması və zavod şəraitində cinsi yetkinliyə çatana qədər yetişdirilməsi;
c) təbii mənşəli törədicilərdən öldürülmədən cərrahiyyə üsulları ilə (“qeysəriyyə kəsiyi” və “yumurtalıq yolunun kəsilməsi”) cinsi yetkin kürünün alınması və törədicilərin domestikasiyası.
Məmmədov Çingiz nərələrin akvakulturasının intensivləşdirilməsi məqsədilə ikinci əsas prioritet istiqamət kimi balıqartırma zavodlarında və fermer balıqçılıq təsərrüfatlarında formalaşdırılmış gələcək törədicilərin və reproduktiv sürülərin cinsiyyətinin və yetkinlik mərhələsinin qeyri-invaziv ultra-səs diaqnostikası (USM) üsulu ilə təyin edilməsini auditoriyaya çatdırdı .
Tədqiqatçı üçüncü əsas prioritet istiqamət kimi nərələrin akvakulturasının intensivləşdirilməsi məqsədilə balıqartırma zavodlarında biotexnoloji proseslərin müxtəlif mərhələlərində istehsalat itkilərinin azaldılmasına və ya tamamilə aradan qaldırılmasına imkan verən yeni proqressiv texnologiyaların istehsalata tətbiqini qeyd etdi.
Məruzəçi qeyd etdi ki, formalaşdırılmış gələcək törədicilərin və reproduktiv sürülərin erkən yaşlarından cinsiyyətinin və yetkinlik mərhələsinin qeyri-invaziv ultra-səs (USM) diaqnostikası üsulu ilə təyin edilməsi, qruplaşdırılması və balıqartırma məqsədilə istifadə edilməsi Azərbaycanda 2012-ci ildən etibarən həyata keçirilir.Hazırki dövrdə törədici qıtlığı şəraitində belə itkilərin aradan qaldırılması milyonlarla əlavə balıq körpələrinin alınmasına səbəb olur.
Çingiz Məmmədov çıxışının sonunda yeni proqressiv texnologiyaların istehsalata tətbiqi nəticəsində qiymətli vətəgə əhəmiyyətli nərələrin təbiətdə miqdarının artırılmasını, genofondunun qorunması mümkünlüyünü qeyd etdi və iştirakçıların suallarını cavablandırdı.