Biologiya fakültəsinin aliminin həmmüəllif olduğu məqalə nüfuzlu “Science” jurnalında beynəlxalq nəşr olunub
Biologiya fakültəsinin Zoologiya və Fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyevin həmmüəllifi olduğu “A mosaic of modular variation at a single gene underpins convergent plumage coloration” (“Bir gendə modul variasiya mozaikası konvergent lələklərin rənglənməsinin əsasını təşkil edir”) adlı məqalə dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri – ABŞ-ın “Science” jurnalında dərc olunub.
Jurnal Web of Science və Scopus kimi beynəlxalq elmi bazalarda indeksləşir, Q1 kvartildə yer alır və Impact Factor: 45.8, H-index olmaqla dünyanın ən yüksək reytinqli elmi jurnallarından biridir.
Məqalədə çaxraqcıl (Oenanthe) quşlarının lələk rəngindəki dəyişikliklərin genetik mexanizmləri tədqiq olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, bu dəyişikliklər tək bir genin — ASIP (agouti signaling protein) geninin təsiri ilə baş verir. Müəyyən olunub ki, bu genə inteqrasiya yolu ilə növlər arasında genetik məlumat ötürülməsi nəticəsində yeni genetik material daxil olub.
Məqalədə həmçinin bu genetik variasiyaların yalnız rəng fərqlərini deyil, eyni zamanda fərqli qidalanma davranışlarını da formalaşdıra biləcəyi irəli sürülür. Beləliklə, tədqiqat nəticələri bir genin müxtəlif növlərdə oxşar fenotipik əlamətlərə səbəb ola bilməsini və bunun konvergent təkamülün parlaq nümunəsi olduğunu göstərir.
Yüksək elmi dəyərə malik bu iş 20-yə yaxın ölkədən (Çin, Fransa, Almaniya, İsveçrə, İtaliya, İspaniya, Macarıstan, Bolqarıstan, Rumıniya, Sloveniya, İsveç, Türkiyə, Yunanıstan, Qazaxıstan, Finlandiya, Kipr və s.) olan 48 aparıcı tədqiqatçının birgə əməkdaşlığının nəticəsidir.