Bakı Dövlət Universitetinin həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans öz işinə uğurla yekun vurub
16–18 oktyabr 2025-ci il tarixlərində Özbəkistan Respublikasının Qaraqalpaqstan Muxtar Respublikasının Nukus şəhərində yerləşən Qaraqalpaq Təbiət Elmləri Elmi-Tədqiqat İnstitutunda “Avrasiya Biomüxtəlifliyinin Qorunması: Müasir Problemlər, Həll yolları və Perspektivlər” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbir Andijan Dövlət Universiteti (Özbəkistan), Ege Universiteti (Türkiyə) və Bakı Dövlət Universitetinin (Azərbaycan) birgə təşkilatçılığı ilə baş tutub. Konfransın əsas məqsədi Avrasiya, xüsusilə də türk dövlətləri arasında elmi əməkdaşlığı gücləndirmək, tədqiqat ənənələrini bərpa etmək və biomüxtəlifliyin qorunması istiqamətində yeni elmi yanaşmaların formalaşdırılmasına şərait yaratmaq olub.Bakı Dövlət Universitetini konfransda Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov təmsil edib. Professor Rövşən Xəlilov plenar iclasda çıxış edərək biomüxtəlifliyin qorunması sahəsində Azərbaycanın alimlərinin apardığı tədqiqatlar, elmi əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. R. Xəlilov konfransın bölmə iclaslarına sədrlik edib, Özbəkistan, Türkiyə, Qırğızıstan və Qazaxıstandan olan elmi müəssisələrin nümayəndələri ilə görüşlər keçirərək yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində razılıqlar əldə edib. Konfransda həmçinin Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova da iştirak edib.Konfrans çərçivəsində Avrasiyada biomüxtəlifliyin qorunması, flora və faunanın davamlı istifadəsi, ekosistemlərin bərpası, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, eləcə də ekoloji monitorinq və qiymətləndirmənin müasir metodlarının tətbiqi mövzularında geniş müzakirələr aparılıb.
Konfransın Təşkilat Komitəsi növbəti – IV Beynəlxalq Elmi Konfransın 2026-cı ilin oktyabr ayında Bakı Dövlət Universitetində keçirilməsi barədə qərara gəlmişdir.