Biologiya fakültəsində “Pentagon” intellektual oyunu keçirilib

Bakı Dövlət Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının dəstəklənməsi və komandada işləmə bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə, “BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “Pentagon” adlı intellektual zəka oyunu uğurla baş tutub.
Tədbirdə giriş nitqi ilə çıxış edən təşkilatın Biologiya fakültəsi üzrə sədri Nadir Nadirli iştirakçılara yarışın qaydaları və mərhələləri barədə məlumat verərək oyunu rəsmi olaraq açıq elan edib.
Oyun zamanı səsləndirilən suallar müxtəlif sahələri — tarix, coğrafiya, biologiya, mədəniyyət, məntiq və gündəlik bilikləri əhatə edib. Komandalar tənqidi düşünmə, operativ qərarvermə və komanda işi bacarıqlarını nümayiş etdirərək suallara cavab veriblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 5 komanda birincilik uğrunda yarışıb. Yarışın sonunda “Xarı Bülbül” komandası ən yüksək nəticəni əldə edərək qalib adını qazanıb. Qalib komandanın üzvləri mükafatlandırılıb və sertifikatlarla təltif olunublar.
Tədbir qeyri-formal və pozitiv atmosferdə keçib, iştirakçılar öz məmnunluqlarını ifadə edərək bu cür yarışların davamlı təşkilinin vacibliyini vurğulayıblar. Sonda xatirə şəkilləri çəkilib və komandalar arasında dostluq görüşü keçirilib.