Biologiya fakültəsinin dekanı beynəlxalq elmi platformada Azərbaycan qida təhlükəsizliyi sahəsini təqdim edib

Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova 23–24 oktyabr 2025-ci il tarixlərində Türkiyənin Akdeniz Universitetində keçirilmiş 5-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Etikası Konqresində məruzə ilə çıxış edib. Konqres dünyanın müxtəlif ölkələrindən alimləri, ekspertləri və qida sektoru üzrə mütəxəssisləri bir araya gətirərək qida etikası, təhlükəsizliyi və dayanıqlı ərzaq sistemlərinin inkişafına dair aktual məsələlərin müzakirəsinə həsr olunub.
Professor Afət Məmmədova “Azərbaycan ərzaq sistemində qida təhlükəsizliyi və etik yanaşmalar: reallıqlar və perspektivlər” mövzusunda etdiyi təqdimatda Azərbaycan Respublikasında qida təhlükəsizliyinin hüquqi-normativ bazası, Dövlət Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyət istiqamətləri, sertifikasiya sisteminin modernləşdirilməsi, eləcə də HACCP və ISO standartlarının tətbiqi haqqında ətraflı məlumat verib.
O, Azərbaycanın qida təhlükəsizliyi sahəsində əldə etdiyi müsbət nəticələrlə yanaşı, xüsusilə regional laborator infrastrukturunun təkmilləşdirilməsi, kiçik və orta istehsalçıların texniki imkanlarının artırılması və ictimai maarifləndirmə səviyyəsinin yüksəldilməsi kimi qarşıda duran vəzifələrə də diqqət yönəldib.
Məruzə beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində təcrübəsinin qlobal müzakirələrə inteqrasiyasına mühüm töhfə verib.