Nərəkimilərin Azərbaycanda akvakultura imkanları adlı elmi seminar keçirilib

23 fevral 2026-cı il tarixində BDU Biologiya fakültəsində “Elm günü”nə həsr olunmuş elmi seminarı təşkil olunub. Seminarda Zoologiya və fiziologiya kafedrasının saathesabı müəllimi Zaur Salman oğlu Salmanlı “Nərəkimilərin Azərbaycanda akvakultura imkanları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanda nərə cinsli balıqların yetişdirilməsinin tarixi ənənələrə əsaslandığı və müasir mərhələdə strateji iqtisadi istiqamət kimi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Xəzər hövzəsində yayılmış və yüksək bazar dəyərinə malik olan Acipenseridae fəsiləsinə aid Huso huso, Acipenser gueldenstaedtii, Acipenser stellatus və Acipenser persicus növlərinin qara kürü istehsalında mühüm rol oynadığı vurğulanıb.
Seminarda nərəkimilərin bioloji xüsusiyyətləri – uzunömürlülük, gec cinsi yetkinlik, yüksək kürü məhsuldarlığı və xüsusi ekoloji tələblər – nəzərə alınmaqla onların qəfəslərdə, hovuzlarda və nohur tipli təsərrüfatlarda yetişdirilməsi imkanları təhlil edilib. Respublika üzrə şirin su ehtiyatlarının məhdudluğu fonunda intensiv və sudan qənaətedici texnologiyaların, xüsusilə qapalı su dövriyyə sistemlərinin tətbiqinin aktuallığı qeyd olunub.
Çıxış zamanı bildirilib ki, nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi yüksək ixrac potensialı yaradır, aqrar sektorun şaxələndirilməsinə və regionlarda məşğulluğun artırılmasına töhfə verir, eyni zamanda təbii populyasiyaların qorunmasına xidmət edir və qida sənayesinin xammal bazasını gücləndirir.
Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, Azərbaycanda davamlı və ixracyönümlü akvakultura sektorunun inkişaf perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi ilə həm məhsuldarlığın artırılması, həm də ekoloji risklərin azaldılması mümkündür.